Tanrının arabaları
Bu kitab Yer kürəsinin başqa planetlərdən gələn məxluqlar tərəfindən ziyarət edildiyinin sübutu kimi qəbul edilir. Erix fon Deniken tarixi qalıqları, itmiş sivilizasiyaları araşdırır və bəşəriyyət tarixinə müdaxilə edən planetdənkənar varlıqlara dair elmi sübutları ortaya çıxarır. Ən qəribəsi də Denikenin öz nəzəriyyəsidir; əcdadlarımızın elə məhz bu “qalaktik kəşfiyyatçılar” olduğunu irəli sürür və sözügedən iddianı arxeoloji tapıntılarla möhkəmləndirir.
İnsan və kimya
Kitabda kimyanın yaranma tarixi, onun qədim dövrdən zəmanəmizə qədər keçdiyi zəngin inkişaf yolu və insanlara təması haqqında yığcam məlumat verilib. Məşhur kimyaçıların maraqlı həyat yolu, elmdə etdikləri yeniliklər də əsərə maraq qatır.
Kitab kimya müəllimləri, şagird və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Sirli dünya
Təbiətin mühüm tərkib hissələrindən olan bitki və heyvanat aləmi hələ lap qədimlərdən – insan özünü dərk etməyə başladığı zamanlardan onun diqqətini çəkib. İnsan bu sahədə xeyli düyünü çözsə də, qaranlıq məqam çoxdur.
İngilis və rus dillərindən tərcümə edilmiş bu topluda “yırtıcı” bitkilərdən, bayquş, qarışqa, zınqırovlu ilan, çaqqal, tülkü, timsah və zürafələrin ekologiyasından, insan faktorunun təbiətə vurduğu ziyandan söhbət açılır.
İnsan necə insan oldu
insanın hələ primat kimi sürü ilə meşələrdə, ağaclarda yaşadığı dövrdən bugünədək keçdiyi təkamül yolundan, təbiətə, iqlimə, məruz qaldığı digər təbii fəlakətlərə necə sinə gərməsindən, ixtira etdiyi alətlərlə əsl heykəltəraş kimi özünü cilalayıb tamamilə fərqli forma verməsindən danışan bu kitab tarixin qaranlıq məqamlarına işıq tutur. Eyni zamanda oxuculara dörd ayağı üstündə gəzən, meşədən kənara çıxmayan primatın necə iki ayağı üstündə dayanan, əlləri ilə öz alətlərini düzəldən, şüuru ilə qarşılaşdığı maneələri dəf edə bilən insana çevrilməsindən danışır.
M.İlin (Marşak İlya Yakovleviç) və Y.Seqalın (Yelena Aleksandrovna Seqal) elmi-kütləvi janrda qələmə aldığı “İnsan necə insan oldu” əsəri ilk dəfədir ki, Azərbaycan dilində təqdim olunur.